Sərəncam və fərmanlar

Gənc, burada Azərbaycan Startup Ekosisteminin inkişafı üçün, eləcə də fərqli sahələrin inkişafı barədə verilən fərman və sərəncamlar haqqında öyrənəcəksən. Bunları bilmək çox faydalı və o qədər də vacibdir. Oxumaq vaxt alsa da mütləq sənin marağında olan sahə haqqında olan fərman və sərəncamları oxu. Faydasını uzun müddətli fəaliyyətdə görəcəksən. Bu listdə ola biləcəyini düşündüyün fərman və sərəncamlar varsa bizimlə əlaqə saxla və təklif et.


“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” Ətraflı

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

Qısa məzmun:

…Ölkədə rəqabətədavamlıyüksək ixrac potensiallı, innovativ İKT sənayesinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu“Yüksək Texnologiyalar Parkı” yaradılmışdır. Bu yeni qurumlar Azərbaycan Respublikası iqtisadiyyatının güclənməsinə, xarici investisiyaların cəlb edilməsinə və ölkədə İKT məhsullarının istehsalının genişlənməsinə, yeni yaranan şirkətlərin fəaliyyətinin təşkilinə və innovativ təşəbbüslərə (“start-up”lara) maliyyə dəstəyini və təşkilati dəstəyi təmin edəcəklər.

8. Yüksək texnologiyalar sektorunun inkişafı
….
8.2.11. İKT və yüksək texnologiyalar üzrə “start-up” layihələrin dəstəklənməsi.

Sərəncamın tam məzmunu ilə burada tanış olun.


“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” Ətraflı

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir

Qısa məzmun:

…Qeyd olunan dəstək tədbirləri içərisində texnologiyaların transferi və innovasiyaların təşviqi xüsusi əhəmiyyətə malikdir. Bir çox ölkələrdə həyata keçirilən innovasiyaların təşviqi üzrə siyasətləri ölkələrin inkişaf səviyyəsi və tədqiqat potensialına uyğun olaraq 4 qrupa bölmək mümkündür: texnologiyaların transferi, daxili texnoloji potensialın artırılması, kiçik və orta müəssisələrin innovasiya yönümlülüyünün gücləndirilməsi, yüksək və orta texnologiya üzrə yeni şirkətlərin (“start-up”lar) inkişafı.

İqtisadiyyat və Sənaye Nazirliyinin üzərinə düşən öhdəlik: Sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi

– Sənayeyönlü yeni kiçik və orta şirkətlər (start-up) yaradılmasının dəstəklənməsinə dair beynəlxalq təcrübənin öyrənilməsi, təkliflər hazırlanması və aidiyyəti üzrə təqdim olunması.

– İqtisadiyyat və Sənaye Nazirliyi 2015-2016-cı illər ərzində sənaye müəssisələrinin fəaliyyətinə dair ətraflı məlumatları əhatə edən Müəssisə İnformasiya Sisteminin yaradılmasını təmin etməlidir. 2015-2020-ci illər ərzində sənaye klasterlərinin yaradılmasına dair təkliflər hazırlanması və müvafiq tədbirlərin həyata keçirilməsi isə İqtisadiyyat və Sənaye Nazirliyi ilə yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. İqtisadiyyat və Sənaye Nazirliyi 2015-ci ildə həm də sənayeyönlü yeni kiçik və orta şirkətlər (start-up) yaradılmasının dəstəklənməsinə dair beynəlxalq təcrübəni öyrənməli, təkliflər hazırlamalı və aidiyyəti üzrə təqdim etməlidir (mənbə).

Sərəncamın təsdiqi ilə burada və sərəncamın ətraflı məzmunu ilə burada tanış olun.


“Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” Ətraflı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaq məqsədi ilə qərara alıram:

  1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı (bundan sonra – “YT Park”) yaradılsın.
  2. Müəyyən edilsin ki, “YT Park” innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.
  3. “YT Park”a münasibətdə səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Milli Elmlər Akademiyası həyata keçirir.
  4. Azərbaycan Milli Elmlər Akademiyası “YT Park”ın ərazisində xarici və daxili infrastrukturun yaradılmasını və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün.
  5. “YT Park”ın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.
  6. “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra – Cəmiyyət) Ümumi Yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət təşkilatına və orqanına həvalə edilsin:

6.1. Azərbaycan Milli Elmlər Akademiyasına:

6.1.1. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

6.1.2. Cəmiyyətin Müşahidə Şurasının seçilməsi;

6.1.3. Cəmiyyətin strukturunun, işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi;

6.1.4. Cəmiyyətin icra orqanının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

6.1.5. Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

6.1.6. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

6.1.7. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

6.2. Azərbaycan Milli Elmlər Akademiyasının təklifləri əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

6.2.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

6.2.2. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;

6.2.3. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

  1. Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

8.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.4. “YT Park”ın fəaliyyəti üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 622-ci küçədə yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə-Sənaye Zavodunun torpaq sahəsinin, onu icarəyə vermək hüququ ilə, Cəmiyyətin istifadəsinə verilməsini iki ay müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.5. bu Sərəncamın 4-cü hissəsində nəzərdə tutulmuş işlərin görülməsi üçün zəruri maliyyələşmənin, habelə Cəmiyyətin nizamnamə kapitalının və ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini təmin etsin;

8.6. “YT Park”ın fəaliyyət profili üzrə elmi tədqiqat və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi məqsədi ilə yerli və xarici elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi-texniki və innovasiya sahələrində əməkdaşlığının təşkili, əlaqələndirilməsi və genişləndirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə altı ay müddətində tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.7. “YT Park”ın fəaliyyət istiqamətləri üzrə innovativ layihələrin icrası, sınaq-ekspertiza və prototiplərin hazırlanması və elmin kommersiyalaşdırılması fəaliyyətlərinin beynəlxalq əməkdaşlıq və qrant proqramları ilə əlaqələndirilməsi, o cümlədən potensial donorların cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.8. “YT Park”da istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi mexanizminə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.9. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

  1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görsün.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 noyabr 2016-cı il.

Sərəncamın rəsmi istinad mənbəsi burada.


“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” Ətraflı

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılsın.
  2. “ABAD” mərkəzləri vasitəsilə aşağıdakılar həyata keçirilsin:

2.1. ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, bu layihələrin maliyyələşdirilməsi məqsədi ilə fondun yaradılması;

2.2. “ABAD” layihələri üçün ailə təsərrüfatlarının, kiçik və orta sahibkarların müəyyənləşdirilməsi, təsərrüfat məhsullarının istehsalı üçün müasir texnoloji istehsal avadanlıqlarından istifadə edilməsinə şərait yaradılması;

2.3. ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara biznes planların hazırlanması, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi;

2.4. istehsal olunan məhsulun sertifikatlaşdırılmasının sadələşdirilmiş qaydada “bir pəncərə” prinsipi əsasında təşkili;

2.5. istehsal olunan məhsulun daşınmasının və satışının təşkili;

2.6. istehsal avadanlıqlarından istifadə ilə bağlı təlimlərin keçirilməsi, həmin avadanlıqlara texniki dəstəyin təmin edilməsi, beynəlxalq təcrübə, kənd təsərrüfatı sahəsində istifadə olunan ən qabaqcıl texnoloji yeniliklərlə bağlı məlumatlandırma;

2.7. layihə çərçivəsində nəzarət və qiymətləndirmə aparılması;

2.8. istehsalyönümlü sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı digər tədbirlərin təşkili.

  1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ABAD” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını təmin edən “ABAD” publik hüquqi şəxsi yaratsın və publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin.
  2. Pilot layihə çərçivəsində “ABAD” mərkəzlərinin fəaliyyətə başlaması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 1 (bir) milyon manat ayrılsın.
  3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “ABAD” mərkəzlərinin fəaliyyəti üçün ailə təsərrüfatlarının və təsərrüfat məhsullarının müəyyənləşdirilməsi məqsədi ilə regionlar üzrə iqtisadi təhlil və proqnozlar əsasında təkliflərini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etsin.
  4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkqabiliyyətli aztəminatlı ailələrin “ABAD” mərkəzlərinin göstərdiyi xidmətlərdən istifadəsini təmin etmək məqsədi ilə təkliflərini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etsin.
  5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu Fərmanın 2.4-cü bəndində göstərilən xidmətlərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müəyyən etdiyi qaydada “bir pəncərə” prinsipi əsasında təşkili üçün zəruri tədbirlər görsünlər.
  6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

8.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

  1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 4-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
  3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi “ABAD” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 sentyabr 2016-cı il.

Fərmanın rəsmi istinad mənbəsi burada.


Kənd təsərrüfatı ilə bağlı sərəncam və fərmanlar:

“Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” Ətraflı

Məzmun:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək, toxumluq məhsulların istehsalını artırmaq, bitki sortlarının toxumlarının təmizlənməsini, qablaşdırılmasını, etiketləşdirilməsini və saxlanılmasını təmin etmək məqsədi ilə qərara alıram:

  1. Müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə ixtisaslaşmış müəssisələrin tikintisi, maşın və avadanlıqla təmin olunması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 12,0 (on iki) milyon manat ayrılsın.
  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyul 2016-cı il.

Sərəncamın rəsmi istinad mənbəsi burada.


“Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” Ətraflı

Məzmun:

Ölkədə qeyri-neft sektorunun tərkib hissəsi kimi heyvandarlığın inkişaf etdirilməsi prioritet vəzifələrdən biridir. Bu sahədə yeni yaradılan və müasir avadanlıqla təchiz edilmiş infrastrukturlar, o cümlədən hazırda yenidən qurulmaqda olan Respublika Süni Mayalanma Mərkəzi və respublikanın 12 bölgəsində regional süni mayalanma mərkəzləri heyvandarlığın inkişafında mühüm rol oynayacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq və süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək məqsədi ilə qərara alıram:

  1. Respublika Süni Mayalanma Mərkəzinin tikintisinin başa çatdırılması və müasir avadanlıqla təchiz olunması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 8,4 milyon (səkkiz milyon dörd yüz min) manat ayrılsın.
  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2016-cı il.

Sərəncamın rəsmi istinad mənbəsi burada.


“Kənd təsərrüfatı məhsulları istehsalçılarının damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” Ətraflı

Məzmun:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, habelə damazlıq heyvandarlığı inkişaf etdirmək məqsədi ilə qərara alıram:

1. 2012-ci ildə xaricdən damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 10,0 (on) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 fevral 2012-ci il.

Sərəncamın rəsmi istinad mənbəsi burada.


“Aqrar sahədə dövlət lizinq şirkətlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” Ətraflı

Məzmun:

«2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»na uyğun olaraq aqrar sahədə istehsalın artırılması, kənd təsərrüfatı texnikasından daha səmərəli istifadə ilə bağlı görülən tədbirlərin sürətləndirilməsi məqsədi ilə qərara alıram:

1. «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnika və avadanlıqlarının müəyyən edilmiş tələblərə uyğun vəziyyətdə saxlanılmasını təmin etmək, texniki qulluq və təmir emalatxanalarının, habelə gübrə anbarlarının tikintisinin davam etdirilməsi üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinə 5,0 (beş) milyon manat vəsait ayrılsın.

2. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnika və avadanlıqlarının müəyyən edilmiş tələblərə uyğun vəziyyətdə saxlanılmasını təmin etmək, texniki qulluq və təmir emalatxanalarının, habelə gübrə anbarlarının tikintisinin davam etdirilməsi üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2,0 (iki) milyon manat vəsait ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın birinci və ikinci bəndlərində nəzərdə tutulmuş vəsaitlərin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyul 2010-cu il.

Sərəncamın rəsmi istinad mənbəsi burada.


“Kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” Ətraflı

Məzmun:

Kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısınartırmaq məqsədi ilə qərara alıram:

1. Dövlət büdcəsindən maliyyələşdirilən kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 sentyabr 2010-cu il.

Sərəncamın rəsmi istinad mənbəsi burada.


Yerli istehsalat (xalçaçılıq) barədə sərəncam:

““Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” Ətraflı

Məzmun:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Səhmləri dövlətə məxsus olan “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) yaradılsın.

2. “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv edilsin.

3. Müəyyən edilsin ki, Cəmiyyət Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

4. Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

4.1.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

4.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:

4.2.1. Cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi;

4.2.2. bu Sərəncamın 5.2-ci bəndi nəzərə alınmaqla, Cəmiyyətin İdarə Heyətinin üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.2.3. Cəmiyyətin Müşahidə Şurasının və Təftiş Komissiyasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.2.4. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

4.2.5. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

4.2.6. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

4.2.7. Cəmiyyətin işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi;

4.2.8. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;

4.3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

4.3.1. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.

5. Müəyyən edilsin ki:

5.1. Cəmiyyətdə Müşahidə Şurası, İdarə Heyəti və Təftiş Komissiyası yaradılır;

5.2. Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;

5.3. Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. Cəmiyyətin nizamnaməsini və strukturunu bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

6.2. Cəmiyyətin ilkin mərhələdə saxlanılması və nizamnamə kapitalının formalaşdırılması üçün dövlət büdcəsindən zəruri maliyyə vəsaitinin ayrılmasını bir ay müddətində həll etsin;

6.3. “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin ləğvi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etsin;

6.4. Cəmiyyətin yaradılması və “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin ləğvi ilə əlaqədar:

6.4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Cəmiyyətin yaradılması və “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin ləğvi ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

8. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görsünlər.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 may 2016-cı il.

Sərəncamın rəsmi istinad mənbəsi burada.